Milli Məclisin deputatları Fazil Mustafa və Rəşad Mahmudov iyulun 15-də AzTV-nin “Hədəf” proqramının qonağı olublar. Onlar ötən gecə Bakıda baş verən hadisələri təhlil ediblər.

Fazil Mustafa Bakıda orduya dəstək adı ilə bağlı keçirilən aksiyadan danışmazdan öncə Tovuzdakı erməni təxribatı və Azərbaycan əsgərinə, şəhidlərə olan sayğıdan danışıb. Bakıda baş verən hadisəni, bir qrup destruktiv qüvvənin parlamentin binasına daxil olmaq cəhdini kəskin şəkildə qınayıb. O, mobil qrupların təxribatının əvvəlcədən planlaşdırılmış bir hərəkət olduğunu istisna etməyib.Deputat Rəşad Mahmudov da həmkarının fikirlərini bölüşərək ordumuza dəstək üçün keçirilən aksiyanın qürur doğurduğunu bildirib, eyni zamanda. qaragüruhun təhriki ilə təxribata cəhd edənlərin hərəkətlərinin utanc verən bir hal olduğunu bildirib. O, insanların pandemiya dövründə kütləvi toplaşmasının qətiyyən yolverilməz olduğunu,  bu istiqamətdə aparılan mübarizəyə böyük zərbə vurduğunu, xəstəliyə yoluxma riskini artırdığını və yaxın gələcəkdə ciddi fəsadlar törədə biləcəyini söyləyib. Müsahiblər vətəndaşları diqqətli olmağa, dezinformasiyalara inanmamağa və qanunlara riayət etməyə səsləyib. Milli Məclisin komitə sədri Səməd Seyidov isə video bağlantı vasitəsilə müzakirələrə qoşularaq Qazax rayonunun sərhədyanı kəndlərindəki mövcud durum barədə danışıb və əhalinin təxribatçı insanlara cəza verilməsini tələb etdiyini xüsusi vurğulayıb. AzTV-nin müxbiri Samir Namiqoğlu isə birbaşa bağlantı ilə efirə qoşularaq Tovuzun Dondar Quşçu kəndindəki ən son vəziyyət barədə məlumat verib.