“Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib. Prezident qeyd edib ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi: “Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin. Təklif edirəm ki, bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Allah rəhmət eləsin!”.
“Bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır. Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir”, - deyə ölkə başçısı vurğulayıb.
Prezident deyib ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi: “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır. Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. O vaxt o bölgədə fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin batalyonları və onların komandirlərinin bir neçəsi xəyanət etmişlər. Baxmayaraq ki, onların tərkibində cəsur və Vətənə bağlı insanlar döyüşürdülər, öz canlarını qurban vermişlər. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin başında dayananlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdılar və beləliklə, o vaxtkı hakimiyyəti yıxa bildilər. O vaxt bizim torpaqlarımızın itirilməsi bilavasitə Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar fəaliyyəti ilə bağlıdır. Ona görə Ermənistan hər zaman bu imkanlardan faydalanıb. İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüşdü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabırcasına qaçıb gizləndilər, fərarilik etdilər. Bütün bunlar bizim tariximizdir”.