Bir vaxtlar neft quyuları, sonralar isə məişət tullantıları poliqonu ilə məşhur olan tarixi Balaxanı qəsəbəsi burada aparılan təmir-bərpa və restavrasya işlərindən sonra simasını dəyişərək yeni turizm məkanına çevrilir.

Balaxanının bərpasına ötən ilin avqustundan başlanılıb. Qəsəbədə əsas küçələrin daxili yollarına tamet daşlar döşənib. Evlərin fasadlarında bərpa və təmir işləri aparılıb. Çox sayda bəzək bitkiləri əkilib, qapı-məhəccərlər yenilənib, tarixi abidələr rənglənib.

Vaxtilə İpək yolunun üzərində yerləşən tarixi qəsəbənin təmir gedən Səfəvilər, Sabir və Dirçəliş küçələri indi göz oxşayır.

Qəsəbənin hər küçəsində qədimliklə  müasirliyin vəhdətini görmək mümkündür. Yenilənən divarları köhnə Bakı təsvirləri bəzəyir, pəncərələrin önünə rəngbərəng çiçəklər qoyulub. Hətta şəkil çəkdirməyi sevənlər  üçün müxtəlif guşələr də yaradılıb.

Balaxanıda görülən bu restavrasiya işləri həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə yanaşı, turizm sahəsində sahibkarlığın təşviqinə, məşğulluğun artırılmasına da öz töhfəsini verəcək.

Yunanıstan,  İtaliya, o cümlədən, qonşu Türkiyədə belə məhəllələr kifayət qədərdir. Heç şübhəsiz, istirahət və tarixi gözəllikləri görmək üçün Balxanıya üz tutanlar da kifayət qədər çox olacaq.

Səkinə Hacıyeva