Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir. 2019-cu ildə 366, 2018 ci ildə isə 338 sözügedən problemlə bağlı fakt qeydə alınıb.
Əslində isə erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar.
Sorğu əsasında deyə bilərik ki, birmənalı olaraq hər kəs erkən nikahın əleyhinədir. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır.
Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Məsələ burasındadır ki, yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nikahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Ekspertər bu baxımdan din xadimlərinin də problemə həssas yanaşmalı olduğunu deyirlər.
Qeyd edək ki, hər il dünyada təxminən 15 milyona yaxın qız 18 yaşa çatmadan ailə həyatı qurmağa məcbur edilir. Dünya üzrə aktual olan bu problemin həlli istiqamətində ölkəmizdə xeyli iş görülüb. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qərar isə gənclər arasında erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirməni özündə əks etdirir. Yeni qaydaların, dövlət qurumlarının birlikdə daha məqsədyönlü şəkildə maarifləndirmə işlərinin aparmasına dəstək olacağı düşünülür. Bu gün Ədliyyə Nazirliyi tərəfindən yerlərdə nikahın dövlət qeydiyyatının əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işi aparılır. Qeyri-rəsmi nikahda olan şəxslərə onların hüquq və vəzifələri izah edilir. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydaların maarifləndirməni gücləndirəcəyi, problemin aradan qalxmasına kömək edəcəyi gözlənilir.
Sədaqət Süleyman