“Ermənistanın Baş Naziri Nikol Paşinyanın avqustun 29-da ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın “İnterfaks” Agentliyinə müsahibəsini şərh edərkən belə deyib.
Bildirib ki, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları bu ölkənin Xarici İşlər nazirinin bəhs etdiyi “sülh şəraiti”nin yaradılmasına əsas əngəldir. Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzər salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar.
“Bölgədə dayanıqlı sülhün təmini üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpası zəruridir. Ermənistan nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır”, - deyə açıqlamada vurğulanır.