Pandemiyanın yaratdığı qlobal şoklara qarşı çevik həll mexanizmləri tətbiq edən ölkələr bu bəladan daha az itkilərlə çıxırlar. Azərbaycan dövləti insanların sağlamlığının qorunması və sosial-iqtisadi itkilərin minimallaşdırılması istiqamətində effektiv nəticələr əldə edir.

Pandemiya qlobal təhdid olaraq bütün dünya ölkələrini iki çətin sınaq qarşısında qoydu. Birincisi, insanların sağlamlığının qorunması, ikincisi, iqtisadiyyatın tənəzzülünün və bunun sosial təsirlərinin minimallaşdırılması. Koronavirus hələ uzaq şərqdə meydana çıxanda Azərbaycan preventiv tədbirlərə başladı. Sonrakı mərhələdə isə daha təsirli addımlarla ilk növbədə xəstəliyin yayılma arealı məhdudlaşdırıldı, xəstələrin müalicəsi üçün lazımi tədbirlər görüldü, digər tərəfdən isə pandemiyanın iqtisadiyyatda yaratdığı resessiyanın sosial təsirlərinin minimallaşdırılmasına nail olundu. 

Son 17 il ərzində qurulmuş infrastruktur, eləcə də yeni vəziyyətlə əlaqədar olaraq operativ şəkildə maddi-texniki bazanın yaxşılaşdırılması üçün atılan addımlar qlobal fors-majora qarşı daha dayanıqlı mübarizəni təmin etdi

Xəstəliyi nəzarət altında saxlamaq üçün ilk növbədə keyfiyyətli müayinə imkanları tələb olunurdu. Qısa zamanda:

- laboratoriyaların sayının 6-dan 45-ə çatdırılması;

- bu vaxtadək 900 mindən çox testin keçirilməsi insanlarımızın sağlamlığı və xəstəliyin yayılma arealına nəzarət baxımından olduqca əhəmiyyətlidir.

Pandemiya dövründə dünyanın tibb sahəsində ən qabaqcıl təcrübəyə və infrastruktura malik ölkələri də xəstələrin yerləşdirilməsi problemi ilə üz-üzə qaldılar. Azərbaycan oxşar situasiya ilə üzləşməmək üçün qısa zaman kəsiyində modul tipli xəstəxanaların tikintisini həyata keçirdi.

Hazırda:

- 11 modul tipli xəstəxanada 4100 çarpayı sayı mövcuddur;

- Daha 7 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub.

Ancaq görünən odur ki, yeni xəstəxanaların tikintisinə ehtiyac yoxdur, çünki görülmüş qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyin yayılması nəzarət altına alınıb.

Pandemiya eyni zamanda bütün dünyada iqtisadiyyatını tənəzzüllə üz-üzə qoydu. Hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın resessiyası 20-25 faizlik göstəricilərlə ölçülür. Belə fonda Azərbaycan iqtisadiyyatının 7 ayda cəmi 2,8 faiz aşağı düşməsi, şübhəsiz ki, yaxşı göstərici sayılmalıdır. İqtisadi itkilərə rəğmən dövlətin həyata keçirdiyi sosial tədbirlər nəinki təxirə salınmayıb, əksinə, bir qədər də şaxələndirilərək pandemiyanın sosial təsirlərinin minimallaşdırılmasına nail olunub. Ölkə əhalisinin təxminən yarısı – 5 milyona yaxın insan sosial paketlə əhatə olunub.

Ekspertlər postpandemiya dövründə ölkə iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırlar. Bu proqnozlar isə birincisi, son illərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu realizəsi, ikincisi isə dövlətin iqtisadi fəallığın bərpası üçün atdığı addımlara söykənir.

Vüsal Məmmədov