Azərbaycan koronavirusla mübarizədə daxili preventiv tədbirləri, hətta daha ekstremal vəziyyətlərə hesablanmış B planına uyğun addımlara hazırlıq işlərini həyata keçirməklə paralel beynəlxalq müstəvidə də pandemiyanın ilk dövrlərindən etibarən üzərinə götürdüyü qlobal əlaqələndirici missiyasını uğurla icra edir. Rəsmi Bakı Qoşulmama Hərəkatına üzv ölkələrin və Türk Şurasının Zirvə görüşlərində diqqəti bu planetar bəlaya qarşı birgə mübarizənin aktuallığına yönəltmişdi.

İyulun 10-da Prezident İlham Əlievin təşəbbüsü ilə BMT Baş Assambleyasının sessiyasının işə başlaması isə pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın yeni, daha ali müstəviyə çıxarılması demək idi.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandenin koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirməsi isə rəsmi Bakının təşəbbüskarlığının və funksionallığının beynəlxalq birlik, o cümlədən ali qurum tərəfindən təqdir olunmasının göstəricisidir.
“Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir. Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”.

Baş Assambleyanın prezidentinin bu fikirləri sadəcə, diplomatik etiket xatirinə səsləndirilmiş bəyanat deyil, bu, Azərbaycan dövlətinə və onun başçısına olan ehtiramın və beynəlxalq münasibətlər sistemində rəsmi Bakının artan reputasiyasının göstəricisidir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev və BMT baş katibi Antonio Quterreş arasında bir müddət öncə baş tutmuş telefon danışığında da COVID-19-a qarşı çoxtərəfli əməkdaşlıq məsələləri və bu prosesin dünyanın ən böyük təşkilatı tərəfindən koordinasiya edilməsinin vacibliyi vurğulanmış, Azərbaycanın rolu yüksək qiymətləndirilmişdi.

Bəli, bu gün Bakı artıq dünyanı narahat edən başlıca problemlər qarşısında beynəlxalq birliyin təmin olunması üçün əsas hərəkətverici mərkəz kimi çıxış edir. Bu, postpandemiya dövründə də Azərbaycanın beynəlxalq gündəliyin formalaşdırılmasına təsirini şərtləndirəcək mühüm amildir. 

Vüsal Məmmədov