Məlum olduğu kimi, Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 1 sentyabr tarixindən etibarən açıq elan edilib.

Hazırda ovçuluğa maraq göstərənlər az deyil. Onlar həm ov edir, həm də bundan xüsusi zövq alırlar.

Bu işdə silah seçimi çox önəmlidir. Əgər ovçu quş ovlayacaqsa, bu zaman yarımavtomat silahlardan, çöl heyvanı ovlayacaqsa qoşa lülədən istifadə etməsi məqsədəuyğundur.

Silah seçimi ilə iş bitmir. Ov ovlamağın da xüsusi qaydaları var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisi Hikmət Əlizadənin sözlərinə görə, ov etmək istəyən şəxsin xüsusi bileti olmalıdır: “Ovçunun ovçuluq bileti olmalıdır. Ovçuluq bileti ov fəaliyyətinə icazə verən sənəddir. Bu bilet “ASAN xidmət”ə müraciət etməklə lazımi sənədləri əldə etdikdən sonra verilir. Bundan sonra vətəndaş ölkənin hansı regionunda ov etmək istəyirsə, aidiyyəti üzrə müraciət edir, ov icazəsi alır. Ov icazəsində ovun vaxtı, ov obyektinin növü, onun sayı göstərilir.  Vətəndaş buna görə dövlətə rüsum ödəyir və ov etmək hüququna malik olur. Ov icazəsini başqa bir şəxsə vermək olmaz”.

Bundan başqa, qanunla tənzimlənmiş qaydada bəzi heyvanların ovlanması da qadağandır.

“Məhdud sayda heyvanların ovlanmasına icazə verilmir. ETSN-nin eco.gov.az  internet səhifəsində bu haqda elan yerləşdirilib. Qırmızı kitaba düşən heyvanların ovlanması qadağandır. Gələcəkdə nəsli kəsilmə təhlükəsi olan heyvanlar da ov obyekti ola bilməz”. 

Pandemiya səbəbindən ovçulara sayıq olmaq tövsiyə edilir. Qrup halında ova gedən şəxslərə sosial məsafəni gözləmək, ov ətindən istifadə zamanı onun emalına diqqət göstərmək, yüksək temperaturda bişirib sonra istehlak etmək məsləhət görülür. Ov mövsümü 2021-ci il fevralın sonunadək davam edəcək.

Səkinə Hacıyeva