“Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2020/2021-ci dərs ilinə aid Tədris Planı”na əsasən yeni tədris ilində bu cür qruplarda şagird sıxlığı müəyyənləşib. Qruplara yalnız 5 yaşı bu il tamam olan uşaqlar qəbul ediləcəklər. Bu ildən özəl təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların cəlb olunması da nazirliyin elektron proqram təminatı vasitəsilə aparılır.

Yeni tədris ilində dövlət və özəl ümumtəhsil müəssisələrində 120 minə yaxın uşağın məktəbəhazırlıq qruplarına cəlb olunması planlaşdırılır. Bu da  ötən illə müqayisədə 15 min uşaq çox deməkdir. Belə olduğu halda mövcud pandemiya şəraitində valideynləri yalnız bir məsələ narahat edir. Proses necə təşkil olunacaq?

Ümumtəhsil məktəblərinin nəzdində yaradılan məktəbəhazırlıq qruplarında dərslərin təşkilinə oktyabr ayının 1-dən start veriləcək. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.

Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.

Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.

Hazırda uşaqların məktəbəhazırlıq qruplarına qəbulu ilə bağlı elektron proqram təminatı aktivdir. Valideynlər avqustun 20-dən şəxsi kabinetlərinə daxil olaraq seçdikləri məktəblər və qruplar üzrə sorğu yerləşdirə bilərlər. Proses sentyabrın 14-dək davam edəcək. Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına qəbul zamanı heç bir müsabiqə tələb olunmur.

Niftulla Məmmədli