Koronavirus pandemiyası dövründə üzərinə ən çox yük düşən ictimai nəqliyyat növü təbii ki, marşrut avtobuslarıdır. Marşrutlar demək olar ki, hər gün 2 milyona yaxın vətəndaş mənzil başına çatdırılır. Ancaq paytaxt Bakının bəzi ərazilərində avtobusa minmək üçün karta gediş haqqı yükləməyə ödəniş terminalı tapmaq mümkün deyil.
Məsələn, Bakının Mətbuat prospektindən üzü 3 saylı ASAN Xidmətə tərəf xeyli sayda dayanacaq olsa da, həmin dayanacaqlarda ödəmə terminalları ya işləmir, ya da ümumiyyətlə yoxdur. Dayancaqlarda ödəmə terminalının yeri olsa da, naməlum səbəblərdən artıq bu ərazidən ödəmə terminalı götürülüb. Müşahidələr göstərir ki, eyni hal metronun 28 may, Koroğlu, Qara Qarayev, İnşaatçılar stansiyalarının yaxınlığında da vəziyyət eynidir.
Dayanacaqlarda terminalların quraşdırılmasına elektron ödəniş xidmətləri şirkətlərindən biri cavabdehdir. Müraciətimizə cavab olaraq bildirilib ki, aparatlarda nasazlığın aradan qaldırılması yalnız vətəndaşların müraciəti daxil olarsa həyata keçirilə bilər. Yeri olub, özü tapılmayan terminallara gəlincə isə Elektron Ödəniş Xidmətləri Şirkətinin nümayəndəsi Ülviyyə Əfəndiyeva bildirib ki, onların quraşdırdıqları kartamatların üzərində 0010 “qaynar xətt” nömrələri var: “Vətəndaşlar bu vasitə ilə bizə müraciət edə bilərlər. Biz onların çətinliyi ilə maraqlanıb, onlara dəstək göstərə bilərik. Texniki nasazlıq varsa, biz o aparatı götürmək məcburiyyətindəyiksə, problemi yerində həll edə bilmiriksə, əvəz edib sonra dəyişirik. İstədiyimiz yerdə həmin kartamatları quraşdırmaq iqtidarında deyilik. Gərək bizə sorğu daxil olsun ki, həmin dayanacaqda aparatı quraşdıra bilək”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə mövcud vəziyyətdə bütün dayanacaqlarda ödəniş terminallarının quraşdırılmasının mümkünsüz olduğunu deyir. Çünki əvvəlcə sərnişin sıxlığının daha çox olduğu ərazilər nəzərə alınır. Bu istiqamətdə paytaxtətrafı kənd və qəsəbələrdə sakinlərin kartlarının balansını artırması üçün də layihə həyata keçirilib. “Qəsəbə sakinlərinin hamısının tanıdığı, 24 saat fəaliyyət göstərən dükanlar var ki, həmin yerlərdə xüsusi terminallar qoyulub və qəsəbədə də bununla bağlı məlumat lövhələri vurulub”, - deyə M.Ağayev qeyd edib.
Ekspertlər isə məsələnin kökündən həllini onlayn ödəmə sisteminə keçiddə görür. Yalnız bu halda vətəndaşlar ərazidən asılı olmadan kartlarının balansını artıra və istədiyi vaxt ondan istifadə edə bilər. Aidiyyatı qurumdan bu çərçivədə də işlərin getdiyi bildirilib. Bu vəziyyətdə vətəndaşların bir çıxış yolu qalır - onlayn sistemə keçidi gözləmək və kartlarında ehtiyat məbləğ saxlamaq. Təbii ki, işlək terminal tapdıqları təqdirdə...
Sabir Bilalov, Zaur Bayramov