Ermənistanın hərbi-siyasi hakimiyyətinin son davranışları bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, status-kvonun saxlanması və dərinləşən ölkədaxili böhrandan diqqəti yayındırmaq üçün manipuliyasiyalara əl atdığını nümayiş etdirir. Dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu media orqanlarının rəsmi Yerevanın destruktiv siyasətinə diqqəti artırması da, görünür, təsadüfi deyil.

Tovuz və Goranboy istiqamətindəki təxribatların ardınca Ermənistan baş nazirinin avqustun sonlarında Dağlıq Qarabağa səfər etməsi, burada qondarma rejimin rəhbəri və hərbçilərlə keçirilən görüşlər Paşinyanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərmiş oldu. Baş nazirin ikili oyunu, Ermənistanın törətdiyi təxribatlar və bölgənin təhlükəsizliyi üçün yaratdığı təhdid dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu media orqanlarının da diqqətindən yayınmır.
Amerikalı jurnalist Raul Kontreras özünün “The Contreras Report” radio proqramının sentyabr buraxılışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı, Rusiyadan Ermənistana silah transferləri, ABŞ-dakı erməni lobbisinin məkrli fəaliyyətləri, 21 iyul tarixində Los Ancelesdə radikal erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və digər məsələlər haqda dinləyicilərə məlumat verib.

İtaliya mətbuatında isə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın həyata keçirdiyi təxribatlarla bağlı “Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı məqalə dərc olunub. Məqalədə Akopyanın “sülhpərvər qadınları” ilə birlikdə otuz ildən artıqdır ki Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi vurğulanaraq deyilir:

“Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?!”

Kreml üçün də hər hansı siyasi reputasiyaya malik olmayan Paşinyan və onun siyasi hakimiyyəti son günlər Rusiya mətbuatında da ardıcıl tənqid olunur. Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayımlanan “Nikol Paşinyan kəskinləşməyə doğru gedir” başlıqlı məqalədə rəsmi Yerevanın təxribatçı əməlləri və münaqişənin həlli ilə bağlı destruktiv yanaşması açıq mətnlə ifşa olunur. Qəzet son Tovuz döyüşlərinin ermənilərin təxribatından qaynaqlandığına dair Rusiya XİN rəhbərinin açıqlamasına yer ayırır, eyni zamanda rəsmi Yerevanın müharibə ritorikasına diqqət çəkir:

“Paşinyanın Qarabağa səfərindən dərhal sonra qondarma respublikanın xarici işlər naziri bildirib ki, ATƏT-in Minsk qrupunun formatında danışıqlar prosesinin bazası sayılan Madrid prinsipləri daha müzakirə olunmur. O, faktiki olaraq Sergey Lavrovun 1 sentyabr tarixli bəyanatını təkzib edib. Qarabağ ermənilərinin lideri Araik Arutyunyan öz növbəsində ümumiyyətlə erməniləri xəyal qurmamağa və müharibəyə hazırlaşmağa səsləyib”.

Rusiyanın “Lenta.ru” portalının yayımladığı “Tam döyüş hazırlığında” adlı məqalədə isə Ermənistanın təxribatçı davranışları, sülh yox, müharibə hazırlığında olduğu vurğulanır. Eyni zamanda Ermənistanın sosial-iqtisadi problemlərin girdabında olduğu detallı şəkildə şərh edilir, rəsmi Yerevanın aqressiv davranışlarının isterikadan doğduğu qeyd edilir: “Ekspertlər Ermənistan rəhbərliyinin aqressiv davranışını ölkənin daxili problemləri ilə əlaqələndirirlər. Xüsusilə də bunu koronavirus pandemiyasının fəsadları və baş nazirin reytinqinin aşağı düşməsi ilə bağlayırlar. Döyüşkən ritorikanın əsas məqsədini isə respublika sakinlərini daxili siyasi və iqtisadi vəziyyətdən yayındırmaq niyyəti adlandırırlar”.

Görünən odur ki, Ermənistan nəinki münaqişənin beynəlxalq hüquq normalarına söykənən diplomatik həllindən qaçır, hətta “yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”. Dırnaqarası “inqilabçı” baş nazir isə seçkiöncəsi verdiyi vədləri yerinə yetirməyə nail olmadığından indi yalnız siyasi hakimiyyətinin xilası barədə düşünür.

Vüsal Məmmədov