Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regiondakı vəziyyət...

Bütün bu məsələlər Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Türkiyəyə ötən gün başlayan səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə müzakirə edilir. Spiker, iki ölkə arasındakı ənənəyə sadiq qalaraq, bu vəzifədə ilk xarici səfərə getdiyi Türkiyədə qardaş ölkənin ticarət naziri Ruhsar Pekcanla görüşüb.

Sahibə Qafarova bildirib ki, Azərbaycanla Türkiyə ortaq tarixi keşmişə malik olduqları kimi, gələcəyi də birlikdə qurur. Ölkələrimizin bütün region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirdiyini deyən parlament sədri Bakı-Tbilisi-Qars dəmir yoluna diqqət çəkib. Türkiyənin ticarət naziri Ruhsar Pekcan isə qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı ticarət həcminin hədəflənən səviyyə çatması üçün böyük imkanlar var.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar. Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla da görüşlər nəzərdə tutulub.