Azərbaycan və Türkiyə arasında ötən ay yaradılan birgə media platforması artıq fəaliyyətə başlayıb. Strateji və ortaq ideoloji məsələləri hədəfləyən media platformasının fəaliyyətinə Dağlıq Qarabağ münaqişəsinin alovlandığı, hərbi əməliyyatların başladığı vaxtda daha çox ehtiyac yaranıb.
Belə ki, bu platforma Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması fonunda düşmənə qarşı ortaq informasiya cəbhəsi funksiyasını yerinə yetirir. Azərbaycan Televiziyası və Türkiyənin “Haber Global” telekanalı arasında 2 gün əvvəl baş tutan özəl yayın da ortaq informasiya siyasətinin tərkib hissəsidir.
“Haber Global”da 2 saat 55 dəqiqə davam edən “Müzakirə” proqramı ilə Azərbaycan Televiziyasının “Əsas Məsələ” verilişinin ortaq yayımında cəbhədəki son vəziyyət, Azərbaycanın prinsipial mövqeyi, erməni təxribatlarının əsas səbəb və nəticələri müzakirə mövzusu olub. Hər iki proqramın çoxsaylı tamaşaçı auditoriyasının olduğunu nəzərə alsaq, bu cür ortaq yayımlar Ermənistanın dezinformasiya siyasətinin ifşası baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür müştərək yayımlar qarşıdakı günlərdə də davam etdiriləcək, ortaq müzakirələr qardaş ölkənin digər nüfuzlu kanalları ilə də təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan-Türkiyə ortaq media platformasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və regional məsələlərə münasibətdə iki ölkənin birlik və həmrəyliyini ən yüksək səviyyədə davam etdirmək, hər iki ölkəyə qarşı aparılan əks-təbliğatları zərərsizləşdirməkdən ibarətdir. Platforma eyni zamanda ortaq informasiya siyasətinin aparılması, məlumat mübadiləsi sahəsində koordinasiyanın qurulmasını da təmin edir.
Ətayə Ələmdarqızı