Minlərlə vətəndaşımız Azərbaycan ordusunun Qarabağda irəliləməsini, işğaldan azad olunan torpaqların sevincini Prezident İlham Əliyevlə bölüşür. Azərbaycanın demək olar ki, bütün şəhərlərindən, rayon və qəsəbələrindən, hətta dünyanın bir çox ölkəsindən Prezidentin saytına yazırlar. Onlardan biri - 2 şəhid anası Zəkiyyə Vəliyeva əməkdaşımız Ayşəm Rütəmova ilə həmsöhbət olub.
“Can oğlum, mən bu günlərdə çox sevinirəm. Sizin komandanlığınız altında ordumuzun göstərdiyi şücaətlər mənim balalarımın qanını yerdə qoymur. Oğlumun biri Murovdağ silsiləsində şəhid olmuşdu. Murovdağın alınması mənim üçün böyük bir hadisə oldu”.
Bu məktubu Sumqayıt şəhərindən Zəkiyyə Vəliyeva Prezident İlham Əliyevə ünvanlayıb. Zəkiyyə xanımın məktub hekayəsi digərlərindən bir qədər fərqli, daha dərindir. Onun 5 övladından ikisi Vətən uğrunda şəhid olub. Biri Murovdağda, digəri Füzulidə… İndi Murovdağla, Füzuli ilə bağlı xoş xəbərlər gəldikcə sinəsinə çəkilən övlad dağının başını qürur buludu alır. Gözlərindən sevinc yağışı yağır.
Onun Prezidentə yazdığı sətirləri oxuduqca insan anlayır ki, Azərbaycanı gərək Azərbaycan boyda sevəsən. Zəkiyyə xanım üçün bu ölçü biri 22, digəri 25 yaşında iki oğul, bir ailədən iki şəhid deməkdir.
Zəkiyyə ana kimi minlərlə ana-ata, valideyn Azərbaycan ordusunun Qarabağda irəliləməsini, işğaldan azad olunan torpaqların sevincini Prezident İlham Əliyevlə bölüşür. Azərbaycanın demək olar ki, bütün şəhərlərindən, rayon və qəsəbələrindən, hətta dünyanın bir çox ölkəsindən prezidentin saytına yazırlar. Məsələn, Şəkidən Fəxrəddin İsmayılov yazıb:
“Əminik ki, tezliklə sizdən alacağımız Qələbə xəbərləri yeni, xoşbəxt gələcəyimizə, uşaqlarımızın müharibəsiz həyatına zəmin olacaq”.
Ucardan Akif Şirəliyev göndərib: “Mənim yaşım çatmasa da, torpaq uğrunda döyüşməyə hər an hazıram. Göstəriş versəniz, günü bu gün döyüşə gedib əsgər qardaşlarıma əlimdən gələn köməyi əsirgəmərəm”.
Bakıdan İlahə Novruzova qələmə alıb: “Füzuli rayonu 45 nömrəli tam orta məktəbin kollektivi olaraq ölkəmizin bütövlüyü uğrunda atdığınız mərd addımları ürəkdən dəstəkləyir, Sizə və Ordumuza bu çətin anlarda daim uğurlar arzu edirik”.
Tovuz rayonundan Rudabə Fətullayeva yazıb: “Alakol kənd sakinləri adından qeyd etmək istərdik ki, son damla qanımızadək sizin və yenilməz Ordumuzun yanındayıq”.
Məktubların hər biri Azərbaycan xalqının qələbə əhval-ruhiyyəsinə bələnib. Sətirlərdən böyük ruh yüksəkliyi süzülür. Azərbaycan Ordusunun üstünlüyü insanlarda orduya hədsiz güvən, qələbəyə inam yaradıb. İnam uğurun 80 faizidir. 20 faizi gözləyirik…
Ayşəm Rüstəmova