Azərbaycanın söykəndiyi dağ: Heydər Əliyev - Ulu öndərlə bağlı bir neçə heyrət doğuran fakt

Azərbaycanın söykəndiyi dağ: Heydər Əliyev - Ulu öndərlə bağlı bir neçə heyrət doğuran fakt

12 Dekabr, 12:45 Sosial mediada paylaşın:

Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi. Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu öndər xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizi ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.

Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət kəsilmək kifayətdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzaranı qat-qat yüksəldi.

Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırılaraq 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ən nüfuzlu ali məktəblərə respublikamızdan təhsil almağa göndərilənlərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan 2 respublikasından birinə çevrildi.

1993-2003-cü illər də ulu öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin müddətdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi.

Ümummilli liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünya görüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu öndər strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzəranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair ümummilli liderin başlıca strateji hədəfləri idi.

Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır... Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi. 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəkliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir.

Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarımkönül münasibət bəsləyən millətlər indi bütün varlıqları ilə Azərbaycana əl uzadır, strateji dostluq andı içirlər. Ölkəmiz zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.

Ulu öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan, milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Heydər Əliyev Fondu artıq sərhədlər aşır. Sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı orijinal və nəfis tədbirlər sayəsində muğamımız və təkrarolunmaz mədəniyyətimiz qarşısında daim öz mədəniyyətləri ilə öyünən millətlər heyrətlərini gizlədə bilmir, Azərbaycanın mənəvi incilərini dünya mədəni irsi siyahısına salmaq məcburiyyətində qalırlar. Heydər Əliyev Fondunun fəaliyətinin ən dəyərli məqamlarından biri də Azərbaycanın nəinki dünənki, eləcə də bugünkü zənginliyini, xüsusilə intellektual potensialını qədərincə ortaya qoya bilməsi ilə bağlıdır... Bir sözlə, istər xalqımız, istərsə də onun adını daşıyan fond əməllərində Heydər Əliyev ucalığını başlıca meyar götürür.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca... Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan günəşin – Heydər Əliyev dühasının nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.

CANLI YAYIM