Ekosahibkarlığın inkişafına dəstək - 7000 akasiya ağacı əkildi

Ekosahibkarlığın inkişafına dəstək - 7000 akasiya ağacı əkildi

13 Dekabr, 17:00 Sosial mediada paylaşın:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib.

IDEA İctimai Birliyindən verilən məlumata görə, yüzlərlə könüllünün qatıldığı kütləvi aksiya zamanı 7000 ədəd akasiya ağacı əkilib.

Tədbir IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir. Bu xüsusda, ölkə üzrə nektar və çiçək tozu verən ağaclardan ibarət meşə sahələrinin artırılması ilə yanaşı, gənc ailələr üçün arıçılıq üzrə təlimlərin təşkil edilməsi, onlara bu istiqamətdə dəstəyin göstərilməsi nəzərdə tululur.

Məlum olduğu kimi, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.

CANLI YAYIM