Ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin sədrinin müavini Adil Əliyev, üzvləri Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya Muxtar Ərazisinə səfər edərək burada yaradılmış seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya başqanı İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşüb.

İrina Vlax bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya başqanı göstərdikləri dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Sonra millət vəkilləri Komrat şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb.

Bundan əlavə, millət vəkillərimiz Qaqauziyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini dilə gətirib.