Azərbaycanın Moldovadakı səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir Q. Osmanov qədim şəhər olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olmasından söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Eyni zamanda, səfir Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırıb.
Tədbirdə iştirak edən qonaqlar qələbənin Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olduğunu vurğulayıb, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşməsindən danışıblar.
Tədbirdə milli mətbəximizdən şirniyatlar təqdim edilib, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs edib və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.