UNICEF və Panamerika Səhiyyə Təşkilatı 2021-ci ildə COVID-19 əleyhinə 2 milyard doza vaksin istehsalı üçün tender elan edib.

Bu vaksinlər 186 dövlətin iştirak etdiyi COVAX proqramı çərçivəsində bölüşdürüləcək.

Ən geci 2021-ci ilin sonuna qədər vaksinin kütləvi istehsalını təmin edə biləcək istehsalçılar 6 həftə ərzində öz sifarişlərini təqdim etməlidirlər. Tenderin məqsədi COVAX proqramında iştirak edən 186 ölkədə keyfiyyətli vaksini ədalətli bölgü prinsipi əsasında mümkün qədər tezliklə təmin etməkdir. Həmin ölkələrdən 82-si gəlir səviyyəsi aşağı olan ölkələrdir. Onlara vaksin alınmasında maliyyə dəstəyi göstəriləcək.

Xatırladaq ki, Azərbaycan COVID-19-a qarşı vaksinlə bağlı ikitərəfli və çoxtərəfli COVAX layihələrinin iştirakçısıdır. Hər hansı vaksin bəyəniləcəyi təqdirdə Azərbaycan onu ala biləcək ölkələr sırasında olacaq.