Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, xüsusi karantin rejimi qaydalarına zidd olaraq yaşayış yerlərinin tərk edilməsi hallarının müşahidə olunduğu vurğulanıb.
Qeyd edilib ki, dekabrın 2-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində və respublikamızın ayrı-ayrı şəhər və rayonlarında 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən əhalinin intensiv hərəkət etdiyi ictimai yerlərdə aşkarlanıblar. Müəyyən olunan xəstələrdən 25-i evə qaytarılıb, 2 ağır xəstə isə həyatını itirib. Eləcə də 20 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlarımıza bir daha müraciət edərək xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasına çağırıb.