44 günlük Vətən müharibəsinin daha bir qəhrəmanı: “Rembo” ləqəbli baş leytenant Anar Məmmədov. Dəfələrlə düşmən müharibəsini yarıb keçən qəhrəman. Döyüş yoldaşlarının xilaskarı, düşmənin isə kabusu idi şəhid zabitimiz.

O, 44 günlük müharibədə öz qanı ilə qəhrəmanlıq səlnaməsi yazanlardan daha biridir. Vətənini, torpağını canından artıq sevirdi baş-leytenant. Vətən müharibəsinə də ilk gündən qatılmışdı. Yarımqrup komandiri seçilmişdi.

Anar Məmmədov Saatlının Mustafabəyli kəndində doğulub. 28 yaşı var idi. Peşəkar idmançı olub. Qaydasız döyüş üzrə 3 dəfə, boks idman növündə isə bir dəfə Azərbaycan çempionu adını qazanmışdı. Bununla belə vətənə sevgisindən dolayı hərbçi olmaq istəyirdi. Bu arzusuna da çatır. Həm də ən yüksək səviyyədə. Peşəkarlığı və nümunəviliyi ilə hər yerdə seçilir.

Aprel döyüşlərinin də iştirakçısı olan xüsusi təyinatlı baş-leytenant Vətən müharibəsində döyüşçü yoldaşları ilə düşmənə sarsıdıcı zərbələr vurur. Dəfələrlə yaralansa da, ilk tibbi yardımdan sonra yenidən müharibəyə qatılır. Anar düşmənin kabusu, hərbçi dostlarının ümidi, dayağı idi. Bir neçə dəfə döyüş yoldaşlarını mühasirədən xilas etmişdi. Hətta bir dəfə əsgərlərini xilas edəndə özü mühasirəyə düşüb.

Qardaşı Azər Məmmədovun sözlərinə görə, bu dəfə də qətiyyətlə düşmənin üzərinə gedib: “14 hərbçimizi mühasirədən xilas edir. Bu dəfə özü mühasirəyə düşür. Bir müddət düşmənlə təkbaşına döyüşür və mühasirəni yararaq, 10-dan artıq ermənini məhv edərək, özü də xilas olur. Sonra düşmənin hərbi kolonlarına ağır zərbələr vurur.

Sonucu döyüşündə də eyni ssenari təkrarlanır. Amma bu dəfə nəticə əvvəlkilər kimi olmur. “Qırmızıbazar” yaxınlığında dostlarını mühasirdən xilas edir. Özü isə düşmənlə qızğın döyüşdə qəhrəmancasına şəhid olur.

Yaxınları deyir ki, qəhrəman zabitimiz Anar Məmmədov Vətən qarşısında özünün öhdəlik götürdüyü, demək olar, bütün arzularını həyata keçirdi. Yalnız biri qaldı. Məşğul olduğu idman növləri üzrə beynəlxalq arenalarda üçrəngli bayrağımızı qaldırmaq istəyirdi. Nigaran qalma, vətən oğlu, bu arzun sizing hesabınıza ən ali səviyyədə reallaşdı. Bütün beynəlxalq aləm üç rəngli, ay ulduzlu bayrağımızın işğaldan azad edilən torpaqlarda dalğalanmasına şahiddir. Ruhun şad olsun, vətən oğlu.