Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, Azadlıq meydanında baş tutacaq hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən hərbi parad bitənədək “Azneft” dairəsi, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsi xahiş olunur.
Paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətinə üz tutanlar yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət edə bilərlər.