Vətən yaşasın deyə şəhidliyi seçən 2783 nəfərən biri Cavad İbadovdur.

Uşaq olarkən anası onu “balaca qəhrəmanım” deyə çağırardı. Amma ağlına da gəlməzdi ki, oğlu böyüyəcək və bir gün Azərbaycanın 30 illik yurd həsrətinə son qoyaraq şərəfli tarix yazan, Vətən yolunda şəhadətə yüksələn qəhrəmanlardan biri olacaq. Cavad İbadov 1996-cı ildə dekabrın 10-da Masallının Digah kəndində doğulub. Zahirən sakit görünsə də, içində bir döyüşkənlik vardı... Valideynləri onu mübariz ruhda böyütmüşdülər. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Atasına deyərmiş ki, Vətənə, yurda sevgi hərbidən keçir. Ona görə də xidmətini başa vurandan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlayıb.

Atası Cabir İbadov oğlu ilə son görüşündəki dialoqu belə xatırlayır: “Axırıncı dəfə gələndə dedi ki, ermənilərin canavar kimi şah damarını üzəcəyəm. Ağzımla, dişimlə...”

Babası Xanoğlan İbadov isə nəvəsi Cavadın onun nəslinin layiqli davamçısı olduğunu deyir: “Mənim nəslim həmişə döyüşçü olub. Şükür edirəm, fəxr edirəm ki, nəvəm də bu yolu davam etdirdi, Vətən yolunda həlak oldu”.

Hərbçi yoldaşları onu “İbad” deyə çağırarmış. Mehribanlığı, səmimiyyəti, qayğıkeşliyi, ən çox da cəsurluğu və şücaəti ilə bütün əsgər və zabitlərin sevimlisinə çevrilmişdi. Vətən müharibəsi başlayandan sonra əvvəlcə Murovdağın, ardınca Füzulinin, Cəbrayılın, Hadrutun düşməndən azad olunması üçün döyüşüb, bir neçə yüksəkliyin alınmasında şücaət göstərib. Hadrutda növbəti yüksəkliyin azad olunması uğrunda gedən döyüşlərdə düşmənin atdığı top mərmisinin qəlpəsindən yaralanaraq əbədiyyətə qovuşub.  

Cavad “Vətən sağ olsun” deyə gözünü qırpmadan canını torpağa fəda etdi. Qəhrəmanlıq dastanı yazan igidimizin arzularının da, sevgisinin də adı Vətən idi... Vətənin mərd, qorxmaz, cəsur övladı arzusu, sevgisi yolunda ölümsüzlüyə yüksələrək hamımızın qəlbundə əbədi taxt qurdu...Rahat uyu, 24 yaşlı, nur üzlü qəhrəman şəhidim.. Sənin sevgin də, arzuların da bu xalqa əmanətdir...

Pərvanə Nəhmətqızı