Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Xankişiyev Elnur Əliağa oğlu və ailə üzvləri ilə görüşüb. Görüş zamanı onlara sosial dəstək göstərilməsi üçün görüləcək işlər müəyyən olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qazimiz müharibəyə qədər “Azərenerji” ASC-də işləyib və iş yeri saxlanılmaqla, əməkhaqqı da hər ay ödənilir. Atası da hazırda həmin müəssisədə çalışır.
Elnura yaxın günlərdə əlillik təyin olunacaq və bununla əlaqədar hər ay sosial ödənişlərlə təmin ediləcək. Əlillik dərəcəsinə uyğun olaraq dövlət tərəfindən ona birdəfəlik sığorta ödənişi də veriləcək.
Sağlamlıq imkanı məhdud uşaq olduğu üçün bir qardaşına aylıq sosial müavinət ödənilir. Bacısının səhhətindəki problemlə bağlı əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işlər görüləcək.
Ailə ilə görüş zamanı qazinin anası və bacısının işsiz olduqları müəyyən edilib. Evdə onlarla müqavilə bağlanıb və istəklərinə əsasən ödənişli ictimai işlərə cəlb olunublar. Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.