Vətən müharibəsi bitsə də, işğaldan azad edilən ərazilərimizdə hər an silah-sursat partlayışlarının olması təhlükəsi qalır. Söhbət mənfur düşmənlərin geri çəkilərkən ərazilərdə basdırdıqları mina və digər hərbi sursatdan gedir. ANAMA-nın hazırkı fəaliyyəti əraziləri sözügedən təhlükədən xilas etməkdir. Bunun üçün də ilkin mərhələdə istifadəsi vacib ərazilər partlayıcı və təhlükəli sursatlardan təmizlənir.
Təmizləmə işləri ilə paralel olaraq müraciətlər əsasında digər ərazilərə də baxış keçirilir və tapılan hərbi sursatlar zərəsizləşdirilir.
ANAMA-nın supervayzeri Şahin Allahverdiyevin sözlərinə görə, əvvəlcə aşkar olunmuş sursatların baxışı həyata keçirilir: “Daşınması mümkündürsə, götürürük, mərkəzi məhvetmə ərazisinə aparırıq, mümkün deyilsə, hərbi sursat yerindəcə məhv edilir”.
Onu da bildirək ki, ötən ilin sentyabr ayının 27-dən bu günədək ANAMA əməkdaşları tərəfindən 2268 siqnal əsasında 1619 partlamamış sursat, 4972 piyada və tank əleyhinə mina, 25 minə yaxın müxtəlif partlayıcı, eləcə də çoxlu sayda digər hərbi-sursat aşkarlanaraq məhv edilib.