Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.
Agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb. O, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib. Bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.
Görüşdə müasir protezlərin üstünlükləri barədə məlumat verilib. Qeyd edilib ki, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir.
Sonra C.Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransı keçirib.
Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. Qeyd edib ki, 2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib. Qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün son illərdə müasir reabilitasiya infrastrukturu yaradılıb. Bu il üçün 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq.