Dünyada ilk azərbaycanlı model: milyonçu nəvəsi, nazir qızının Fransa həyatı – Banin haqda eksklüzivlər

Dünyada ilk azərbaycanlı model: milyonçu nəvəsi, nazir qızının Fransa həyatı – Banin haqda eksklüzivlər

8 Fevral, 15:18 Sosial mediada paylaşın:

Anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də - Milli Televiziya Günündə yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, birinci buraxılış ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.

Verilişdə milyonçu Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Ticarət və Sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu barədə danışılıb.

Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub.

Bundan başqa, verilişdə Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.

“Yüz ilin adamları”nda Baninin yaşadığı, vaxt keçirdiyi yerlərə gedilib və görüntülər əldə olunub.

Əsədullayevlər ailəsi milyonlarını itirdikdən sonra Parisə köçməli olub. Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub.

Daha sonra fransızca ilk kitabını çap edərək məşhurlaşıb. Onun sirli evlilikləri, görkəmli yazarlar Bunin və Ernest Yungerlə sevgi münasibətləri və dostluğu, ermənilərlə savaşı Hüseyn Cavadzadənin müəllif layihəsində işıqlandırılacaq.

Veriliş fevralın 14-ü saat 22:00-da AzTV-də yayımlanacaq.

CANLI YAYIM