Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri, xüsusi əhəmiyyəti olan bu hadisə ilə əlaqədar əməkdaşlarımız Naxçıvanda olub, Muxtar Respublikanın keçdiyi şərəfli tarixi yola nəzər salıblar.
1920-ci ilin aprel işğalından sonra Azərbaycanda başlanan sovetləşmə Naxçıvandan da yan keçmədi. Gərgin hərbi-siyasi mübarizələr fonunda Naxçıvanın taleyi həll olunurdu. Nəhayət, 1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr tarixli Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika statusu təsbit olundu.
1921-ci ilin yanvar ayında bu ərazidə ümumxalq səsverməsi keçirildi və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. Uzun müzakirələrdən sonra 1924-cü il fevralın 9-da Naxçıvanda Muxtar Sovet Sosialist Respublikası yaradıldı.
Bu, tarixi hadisə idi. Çünki bu, o vaxta qədər ermənilərin Naxçıvana olan əsassız iddialarına hüquqi cəhətdən son qoyurdu. O, Naxçıvanın strateji əhəmiyyətini göstərirdi. Amma bu hadisə Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Ermənistana verilməsinə yol açdı və bu addımla Azərbaycan coğrafi baxımdan iki yerə bölündü.
Sovet mərhələsi Naxçıvanın həyatında dərin iz buraxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Naxçıvanda sənayeləşmə prosesi sürətləndi, yeni müəssisələr tikilib itifadəyə verildi. Təzə yaşayış massivləri salındı, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi.
Lakin Azərbaycan yenidən müstəqilliyini əldə edəndə ölkədəki hakimiyyətsizliyi fürsət bilən ermənilərin Naxçıvana iştahası yenidən baş qaldırmışdı. Amma Naxçıvanın bəxti onda gətirmişdi ki, onun əsl sahibi vardı.
Heydər Əliyev faktoru Ermənistanın Naxçıvanı işğal etmək planlarını alt-üst etdi. Məhz Heydər Əliyev Naxçıvanda ikinci Qarabağ işğalının baş verməsinə imkan vermədi.
Azərbaycana ikinci dəfə rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasını heç vaxt diqqətdən kənarda qoymadı. O, blokada şəraitində olan bu diyarın yaşaması, yaratması üçün əlindən gələni etdi. Ölkədə başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəallığı və yaradıcı forması ilə seçilirdi. Bu inkişaf konsepsiyası sonrakı illərdə bir idarəetmə modeli kimi tarixə düşdü.
Bu model Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirildi. Ermənistanın blokadası şəraitində Naxçıvanın özünümüdafiəsi ən yüksək səviyyəyə çatdırıldı. 2018-ci ilin Günnüt əməliyyatı 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusunun növbəti hərbi uğuru kimi tarixə düşdü. Bundan əlavə, Muxtar Respublikanın iqtisadi müstəqilliyinə nail olundu, Naxçıvanın iqtisadi inkişafı davamlı xarakter aldı, yeni müəssisələr açıldı, qeyri-neft sektoru sürətlə önə çıxdı. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının enerji müstəqilliyi təmin olundu, burada yeni elektrik stansiyaları istimara verildi.
Ən mühüm addımlardan biri də Naxçıvanda alternativ enerji mənbələrinin yaradılması idi. Ərzaq təhlükəsizliyinin aparıcı qüvvəsi olan kənd təsərrüfatının inkişafı, təbii ki, diqqətdən kənarda qalmadı. Təkcə 2020-ci ildə Muxtar Respublikada 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Sosial layihələrin icrası nəticəsində burada təhsil və səhiyyə müəssisələri yenidən qurulub, yeni məktəb və xəstəxanalar tikilib, şəhərlər və kəndlər arasında yüksək keyfiyyətli yollar çəkilib. Naxçıvan Beynəlxalq Hava Limanının mövcud infrastrukturu daha da möhkəmləndirilib.
Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi bu torpaqdan silinməsin. Şərqin əsas fikir və düşüncə mərkəzlərindən olan Naxçıvan əhalisi hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərdi. Bunun adı istisnasız fədakarlıq, dövlətə və ölkəyə olan sonsuz məhəbbətdir.
Yunis Orucov