Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

Bələdiyyələrlə bağlı hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, yerli özünüidarəetmə sahəsində bir sıra aidiyyəti qanunvericilik aktları təhlil olunub, onlara dəyişikliklərin edilməsi ilə bağlı qanun və fərman layihələri hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Hazırda aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla layihələr üzərində iş davam etdirilir.

O da vurğulanıb ki, bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3 267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib.