Şəhidlik zirvəsinə ucalan daha bir qəhrəmanımız Sabirabaddan olan qaydasız döyüş üzrə çempion Bəhruz Əhmədovdur. Ordu sıralarına könüllü yazılaraq Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Bəhruz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak edib.

Anası Gülnar Əhmədova övladının şücaəti ilə fəxr etdiyini deyir: “Oğlum dörd medalla təltif olunub: “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü”. Həqiqətən cəsur olub. Vətənini çox sevirdi. Məsələn, idman zalını açanda döşəkləri yerə düzməmiş ilk işi divara bayraq və gerbimizi asmaq idi”.

Döyüş yoldaşlarının dediklərinə görə, Bəhruz torpaqlarımızın azad edilməsində böyük şücaət göstərib. Neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb. Bəhruzun növbəti və son fədakarlığı da oktyabrın 21-i olub. Yaralı döyüş yoldaşının silahını götürərək önə atılıb. Son damla qanına qədər döyüşərək təkbaşına xeyli irəliləyib, düşmən qüvvələrini  məhv edib. Snayper gülləsinə tuş gələn qəhrəman Vətən oğlu şəhidlik zirvəsinə ucalıb.

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq. Bəhruz Əhmədov da həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.

Orxan Qasımlı