Azərbaycan bölgədə əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir. Bu missiya regionda uzunmüddətli sülhü də təşviq edir. Azərbaycanın regiondakı, ümumiyyətlə beynəlxalq müstəvidəki bu rolu Prezident İlham Əliyevin fevralın 26-da keçirilən tarixi mətbuat konfransında da diqqət mərkəzində olmuşdu.
“İstər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, müharibədən, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünki inam var. Artıq biz bu imici qazanmışıq. İnam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir”, - deyə ölkə başçısı vurğulamışdı.
Əlbəttə, bu inam və etimad asanlıqla qazanılmayıb. Bir tərəfdən ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi, beynəlxalq hüququn ədalət tərəzisini öz gücü hesabına tarazlaşdırması ilə əlaqəlidirsə, digər tərəfdən, uzun illərdir ki, yürüdülən açıq və səmimi siyasətin bəhrə verməsi ilə bağlıdır.
Postkonflikt dövrünün mənzərəsi ondan ibarətdir ki, Azərbaycanla müttəfiq, həmrəy, əməkdaşlıqda maraqlı olan əksər dövlətlərlə yanaşı, bu gün hətta bir zamanlar məsafəli davranan ölkələr belə yaxın tərəfdaş, dost mövqe sərgiləməyə can atır. Çünki Azərbaycanın yanında yer almaq haqlı mübarizəsində zəfər qazanan, dünyanı öz ətrafında birləşdirən təşkilatlara sədrlik edən, mötəbər tribunalardan ədaləti müdafiə edərək planeti həmrəyliyə səsləyən, enerji və nəqliyyat sektorunda meqalayihələrin əsas təsəbbüşkarı olan, beləliklə də Avropanın enerji təminatçısına çevrilən bir dövləti dəstəkləmək deməkdir.
Azərbaycanla eyni baxış bucağına sahib olmaq həm də lokal və qlobal səviyyədə yalnız və yalnız sülhün bərqərar olmasına tərəfdar çıxmaq kimi də xarakterizə oluna bilər.
Prezident İlham Əliyevin sülhə çağırışı Vətən müharibəsinin gedişatından hər kəsə bəllidir. Vasitəçilik missiyasının uğurlu nəticələri isə bir neçə il bundan öncə Türkiyə ilə Rusiya arasındakı gərgin münasibətlərin aradan qaldırılması fonunda açıq-aşkar ortaya çıxır. Belə ki, hazırda rəsmi Ankara və Moskva müxtəlif layihələrdə tərəfdaşlıq, müttəfiqlik edir, o cümlədən Qarabağda gedən proseslərdə birgə monitorinqlər aparır. Azərbaycan isə bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır.
Azərbaycan bundan sonra da daxili və xarici siyasətdə doğru bildiyi yoldan dönməyəcək, tarixə düşən barış missiyasına sadiqlik nümayiş etdirəcək. Qarşı tərəf və havadarlarının əyri yollara meyillənməsi isə buna adekvat davranışı, onlara qarşı təcridetmə, uzaqlaşdırma siyasətinin davamlı xarakter almasını şərtləndirəcək. Bu isə regionda yaranan səmərəli şəraitdən uzaqlaşmaq, öz məkrli maraqları konteksindən çıxış edərək sülhün əleyhdarına çevrilmək, flaqman ölkə Azərbaycanla münasibətlərdən kənarda qalaraq, yumşaq desək, hərtərəfli uduzmaqdan başqa bir şey deyil.
Cəsarət Qənbərli