Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfər zamanı “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verilib.

Prezident İlham Əliyev işğal dövründə ermənilərin hoteli dağıtdığını deyib: “İşğal dövründə hoteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Hotelin bütün otaqları bu stildə olacaq.

“Qarabağ” hotelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə hotel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu hotel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən hotelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq”.

Qeyd edək ki, mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb.