“Artıq bir ildən çoxdur bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya bütün ölkələrə müxtəlif formada mənfi təsirlər edir. Beynəlxalq mətbuatdan da görürük ki, artıq bir sıra ölkələr yenidən qapanmalara gedirlər”.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 19-da təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
“Təbii ki, məhdudiyyətlər virusun yayılma sürətini azaldır və ölkələrə səhiyyə sisteminin davamlılığını təmin etmək imkanı verir. Son zamanlar Azərbaycanda da yoluxma sayı artır. Son məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu, gözlənilən idi. Çünki yumşalmalardan sonra insanların aktivliyi artdı və nəticə etibarilə yoluxmaların sayı da artım müşahidə olunur. Təbii ki, bu da narahatedici məqamdır”, - deyən Prezidentin köməkçisi vurğulayıb.
Bu gün verilən qərara əsasən, qarşıdakı bayram günlərində ictimai nəqliyyatın fəaliyyət göstərməyəcəyini bildirən Şahmar Mövsümov yoluxmaların sayındakı artım və “Britaniya ştammı”nın ölkəmizdə aşkar edilməsi ciddi narahatlıqlar yaradır. Eyni zamanda, son bir il ərzində dövlətimizin başçısının və Birinci vitse-prezidentin nəzarəti altında səhiyyə sistemimizin imkanları ciddi şəkildə artırılıb. Həmçinin yanvar ayından vaksinasiya prosesinə də başlanılıb. Hazırda ümumilikdə 10 min çarpayılıq xəstəxanalarda 1500-1600 xəstə müalicə alır. Bu, bizə imkan verir ki, hazırda ciddi sərtləşməyə getməyək. Amma vətəndaşlarımıza çatdırmaq istərdim ki, yoluxma sayının kəskin artması və xəstəxanalarda müalicə alanların çoxalması, xüsusilə də reanimasiya şöbələrində çarpayıların çatışmazlığı müşahidə olunduqda xüsusi sərtləşdirilmiş şəraitə, yəni, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq.