Azərbaycan QHT-ləri mina xəritələrinin Ermənistandan tələb olunması üçün beynəlxalq qurumlara müraciət edib. Müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərinin kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini viran edərək yer üzündən silən erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb. Bildirilib ki, son 4 ay ərzində 40-a yaxın mülki şəxs azad edilmiş ərazilərdə minaya düşərək həlak olub və ya ağır yaralanıb. Minalar hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırılıb. Bəyanatda o da deyilir ki, bəzi beynəlxalq qurumlar Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfindən itkin düşən 3171 hərbi vəzifəlinin, 719 mülki şəxsin taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılan yaşayış məntəqələrinin, mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumur.