Füzuli rayonunun Şükürbəyli kəndinin sakinləri 27 il güllə səsi ilə yatıb, güllə səsi ilə oyanıblar. Çünki düşmən mövqelərindən bu kəndin ərazisi müşahidə edilir və müntəzəm atəşə tutulurdu. Nəticədə ölənlər və yaralananlar olurdu. Amma heç kim kəndi tərk etməyib, işindən-gücündən ayrılmayıb. Onlar torpaqlarımızın işğaldan azad ediləcəyi, düşmənin qovulacağı günü gözləyiblər.

Kənd sakini Əlvan Əliyev hazırda vəziyyətin yaxşı olduğunu deyir: “Əvvəl çox pis idi. Yerləşdiyimiz ərazi yüksəklik olduğu üçün atırdılar. Qorxa-qorxa gəlib suyu vurub gedirdik. Hazırda sərbəst işləyib gedirik. Əhaliyə su veririk”.

Şükürbəyli kəndinin həm su anbarı, həm də qəbiristanlığı yüksəklikdə olduğu üçün həmin yerlərə getmək təhlükəli idi. Əkin sahələrində işləyənlər, mal-qara otaranlar da həmişə təhlükə ilə üz-üzə qalırdılar. Uşaqlar da məktəbə, bağçaya gedəndə belə hallarla qarşılaşırdılar. İnsanlar yaxınlarının dəfn mərasimində iştirak edə bilmirdilər. Vətən müharibəsindən sonra isə vəziyyət tam dəyişib.

“Müharibə günlərində bir şəhidimiz oldu, biz onu kənd qəbiristanlığında dəfn edə bilmədik. Başqa kənddə basdırdıq. Müharibə qurtarandan sonra gətirib burada dəfn elədik”, - deyə kənd sakini Ədalət Həsənov qeyd edir.

Kəndin 1500 sakini var. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Onlar arpa, buğda, yonca, çuğundur və digər kənd təsərrüfatı məhsulları əkib becərirlər. Bundan əlavə, mövsümdə barama da saxlayırlar.

Qələbədən sonra əkin sahələri genişləndirilib. Əvvəllər atəş altında olan ərazilərdə bu il əkin aparılıb.

Fermer Məhəmmədəli Həsənov torpaqlar işğaldan azad olunduqdan sonra 30 hektar sahədə taxıl əkib: “12 hektar ərazidə isə çuğundur əkmişəm. Bol məhsul gözləyirik. Şükür ki torpaqlarımız işğaldan azad edildi. Bu yaxınlarda da minaları təmizləyəcəklər. Hökumətdən kombayn, texnika götürmüşəm, dolanışığımız pis deyil”.

Hər bir halda ehtiyatı əldən vermək olmaz. Çünki təhlükə hələ də var. Bu da ərazidəki minalarla bağlıdır.

Pərviz İmranoğlu