Bu gündən Bakı, Sumqayıt və Abşeronda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.

Bu məqsədlə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri görülüb. Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu gündən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkiminin müayinə və müalicəsindən sonra ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verilir.