Yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan 2016-cı ilin Aprel döyüşlərindən 5 il keçir. Aprel döyüşləri həm də Azərbaycanın düşmən üzərində böyük qələbəsini yaxınlaşdırdı, bu istiqamətdə çox önəmli tarixi addım oldu.
Həmin tarixə bir daha nəzər yetirək.
Ermənistan 2016-cı il aprelin 2-də Azərbaycana qarşı növbəti silahlı təxribat törətdi və layiqli cavabını aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımız, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyi azad edildi. Aprel döyüşləri Ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev Lələtəpədə hərbçilərlə görüşdə deyib: “Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.
Apreldəki parlaq qələbə nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin gücləndirilməsi, dövlət başçısının iradəsi və tapşırıqları ilə qısa zamanda kəndin ərazisinin minalardan təmizlənməsi, orada aparılan misilsiz quruculuq işləri, 2017-ci ilin yayında cəbrayıllıların doğma yurda qayıdışı tarixi hadisələr idi. Cocuq Mərcanlıda salınan yollar Şuşaya, Laçına istiqamətlənmişdi...
“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”, - deyə Ali Baş Komandan hələ Vətən müharibəsindən əvvəl qeyd etmişdi.
Aprel qələbəsi həm də acı məğlubiyyətlə üz-üzə qalan Ermənistana ciddi mesaj idi: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin, bizim səbrimizlə oynamasın”.
Təəssüf ki, Ermənistan bu mesajdan da nəticə çıxarmadı və Aprel döyüşlərindəki məğlubiyyətdən özünə gəlməmiş növbəti təxribata əl atan düşmən bu dəfə qarşısında “Dəmir yumruğ”u gördü. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki bu “Dəmir yumruq” isə düşmənin illər boyu yaratdığı mifi darmadağın etdi.
Bu gün Ermənistan yersiz inadının və rəzalətinin utancını, Azərbaycan isə Qarabağdakı ədalətli və möhtəşəm qələbəsinin iftixarını yaşayır.
Firuzə Nadir