Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, Quliyev Eldar Tofiq oğlu 1941-ci ilin yanvarın 18-i Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb.
1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib.
1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə “Babək” filmini çəkib.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev ömrünün sonunadək qurumun prezidenti olub.