İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər. İşçi Qrupda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə həftəlik hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.
Aidiyyəti qurumlar tərəfindən qarşıya qoyulan plana əsasən, bir neçə infrastruktur, nəqliyyat, həmçinin torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatdırılıb və aidiyyəti üzrə təhvil verilib. Eləcə də minatəmizləmə fəaliyyətinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə bu sahədə birgə humanitar minatəmizləmə standartlarını əsas tutaraq qurumlararası təlimlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.