“Əgər qondarma soyqırımı tanınsa, itirən yenə də ABŞ olacaq”.

Bunu Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. Bildirib ki, ABŞ-ın bu addımı ciddi səhv olar: “İnşallah, Bayden administrasiyası səhvə yol verməz. ABŞ ilə NATO-da müttəfiqliyimiz var. İnanırıq ki, bu il problemsiz keçər, ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətləri inkişaf edər”.

Sabiq səfir əsl soyqırımını müəyyənləşdirmək üçün Xocalıda törədilənlərə və 44 günlük müharibədə ermənilərin vəhşiliyinə baxılmasının vacibliyini bildirib. Saxta soyqırımının tanınmasının hüquqi bazasının olmadığını, əgər bu baş verərsə, ABŞ-ın imicinin zərər görəcəyini də əlavə edib.

Hulusi Kılıç həmçinin 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi müharibə cinayətlərinə də toxunub: “Heç bir hərbi obyektin olmadığı, gecə yataqlarında körpələrin, qadınların yatdığı Gəncə, Bərdə, Mingəçevirə edilən hücumlar erməni zehniyyətinin dəyişmədiyini göstərir. Ermənistanın dövlət olmasını, normal qonşu olmasını gözləyirik. Lobbinin, kilsənin təzyiqindən xilas olsunlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev sülh üçün əlini uzatdı. Bizim xalqlarla heç bir düşmənçiliyimiz yoxdur”.