43 kiloqramdan çox narkotik vasitə-həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük stasionar rentgen qurğusundan keçirilib. Yoxlama zamanı divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə gizlədilən bağlamalarda 43 kq 491 qram narkotik vasitə - həşişin yerləşdirildiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.