“Ermənistanın işğalı dövründə törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir”.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev “Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi” mövzusunda virtual açıq debatlarda belə deyib. Xatırladıb ki, münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub. Müharibə on minlərlə insanın həyatına son qoyub, 700 mindən çox azərbaycanlı barəsində etnik təmizləmələr aparılıb. İşğal edilmiş şəhər, qəsəbə və kəndlərin əksəriyyəti yerlə-yeksan edilib. Diqqətə çatdırıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpasını tezliklə təmin etmək üçün tədbirlər görür. Bütün şəhərlərin baş planları hazırlanır, beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra layihələr həyata keçirilir.