“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, bu, Azərbaycanın ilk humanist addımı deyil. Ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil verib. Hərbi əməliyyatlar dayandıqdan sonra 70-dən çox erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılıqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Leyla Abdullayeva sonra əlavə edib: “Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.