Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "2021-ci il 9 may tarixi 1941-1945-ci illər faşizm üzərində Qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Azərbaycanın cəbhəyə yanacaq təminatının Qələbədə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyillərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər".