Naxçıvan səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev bəlli dairələrin təxribat siyasətinə cavab olaraq bir neçə mühüm nüansa diqqət çəkdi:
-birincisi, kimsə hesab edirsə ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir;
-ikincisi, əgər münaqişənin həll olunmadığı iddia edilirsə, bu, o deməkdir ki, həmin qüvvələr 10 noyabr bəyanatını tanımır;
-üçüncüsü, münaqişə ilə bağlı danışıqların davamı məsələsini qabardan dövlətlər Ermənistanı yanlış yola sürükləyir;
-dördüncüsü, İrəvandan səslənən revanşist bəyanatlar yeni “dəmir yumruğu” aktuallaşdırır.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və BMT Nizamnaməsi əsasında, beynəlxalq hüquqa istinadən, ərazi bütövlüyünü öz gücü ilə bərpa edib. 10 noyabr üçtərəfli bəyanatı ətrafında spekulyasiyalara əl atan ermənipərəst qüvvələr tam şəkildə anlamalıdırlar ki, bu razılaşma Ermənistanın təslim aktı olmaqla yanaşı, həm də onun məğlubiyyətinin hüquqi əsaslandırmasını təmin edən sülh sazişidir.
“Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər”.
Bu gün Azərbaycan dövlətinin gücü ona imkan verir ki, siyasi təxribatla məşğul olan dövlətlərin Qarabağa dair planlarını iflasa uğratsın. Üstəlik, ədalət və beynəlxalq hüquq ölkəmizin tərəfindədir. Ermənistanın 44 günlük müharibədə açıq məğlub olduğu və üzərinə ciddi öhdəliklər götürdüyü artıq qlobal miqyasda qeydə alınıb. Məğlub ölkənin bölgədə təhlükəsizliyə zərbə vurduğu faktının Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da diqqətinə çatdırıldığına şübhə yoxdur. Başqa sözlə desək, sülh üçün yaranacaq hər hansı bir təhdid İrəvanın məsuliyyətinə yazılacaq. Düşmən tərəfin tədricən müharibə ritorikasına keçməsi fonunda Azərbaycanın istinad edəcəyi hüquqi arqumentlər də möhkəmləndirilir. Bu isə işğal düşüncəsində olan Ermənistanın növbəti “dəmir yumruq” əməliyyatı öncəsi tamamilə təklənəcəyi deməkdir.