44 günlük müharibədə acı məğlubiyyətə uğrayan Ermənistanda növbədənkənar seçkilərin vaxtı yaxınlaşdıqca ictimai-siyasi böhran dərinləşir.

Üstəlik, baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın 2-ci dəfə  parlamentdə lazımi qədər səs toplamaması onun və komandasının gələcək aqibətini sual altında qoyub. Paşinyanın yaxın ətrafında olan bir çox məmur və “Mənim addımım” fraksiyasının üzvləri ölkəni tərk edib qaçmaq üçün yollar axtarırlar. Hətta bəziləri artıq fürsət taparaq ailə üzvlərini ölkədən çıxarıb. Erməni KİV-ləri yaxın günlərdə Paşinyanın da ailəsini ABŞ-a göndərəcəyi barədə məlumatlar yayıb. Paşinyanın oğlunun artıq bir həftədir ki, ölkədə olmadığı bildirilir. Nikol Paşinyan isə hakimiyyət uğrunda sona qədər mübarizə aparacağını bəyan edib. O, bunun üçün müvəqqəti səlahiyyətlərindən istifadə etməklə siyasi rəqiblərini və onların havadarlarını ya məhkəmə zalına gətizdirir ya da ki, həbs etdirir. Bu dəfə Paşinyanın hədəfinə Köçəryan-Sarkisyan cütlüyünün yaxın ətrafı, Ermənistanın keçmiş baş naziri Xosrov Arutunyan və parlamentin sabiq spikeri Artyom Xaçatryan tuş gəlib. Polis onlara qarşı güc tətbiq edərək xüsusi istintaq təcidxanasına aparıb. Bu hadisə erməni ictimaiyyəti tərəfindən ciddi narazılqla qarşılanıb. Ermənistan İstintaq komitəsindən verilən məlumata görə, həm Arutunyanın, həm də Xaçatryanın əməllərində cinayət xarakterli şübhəli məqamlar üzə çıxıb və hər ikisinin barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib. Bu arada, Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan hava limanında saxlanılıb. O, 2020-ci ilin martında vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsait mənimsəmə ittihamları ilə axtarışa verilmişdi.