ABŞ Prezidenti Cozef Bayden KXDR-in nüvə silahından imtina edəcəyi təqdirdə şimali koreyalı həmkarı ilə görüşə bilər.
Birləşmiş Ştatlar lideri buna qədər Cənubi Koreya Prezidenti Mun Ce-inlə danışıqlar aparıb.
ABŞ Prezidentinin sözlərinə görə, Pxenyan hər hansı bir görüşdən öncə gərginliyin azaldılması üzrə öhdəliklərə əməl etməlidir. Bu məqsədlə danışıqları dövlət başçıları səviyyəsində deyil, daha aşağı səviyyədə təşkil etmək lazımdır. Ağ ev rəhbəri onu da deyib ki, Kim Çen Inın görüşü özünü legitimləşdirmək üçün istifadə etməsinə yol verməyəcək.
Bundan öncə Cozef Bayden İran və KXDR-in nüvə proqramlarının ABŞ-a və bütün dünyaya ciddi ziyan vura biləcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında rəsmi əlaqələr olmasa da, Kim Çen In və ABŞ-ın sabiq Prezidenti Donald Tramp arasında üç görüş keçirilib. Buna baxmayaraq, Kim Çen In 2021-ci ilin əvvəlində ABŞ-ı Şimali Koreyanın əsas düşməni adlandırıb.