Bakıda Azərbaycan-Tacikistan aqrobiznes forumu keçirilib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycanla Tacikistan arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyətə malikdir. İki ölkə idxal-ixrac əməliyyatlarının həcmini artırmaq istiqamətində çalışmalıdır. Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli deyib ki, ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalana bilər. Bunun üçün Tacikistanın Azərbaycanın biznes təcrübəsini öyrənməsi vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, ilin yanvar-avqust aylarında Azərbaycan Tacikistanla 2 milyon 135 min dollarlıq ticarət edib. Ticarət dövriyyəsinin 99,6 faizi ixracın payına düşüb. Forumda hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunub.

 

İlham Quliyev (Kənd Təsərrüfatı nazirinin müavini):

- Bugünkü forumumuzun da məqsədi Azərbaycanda inkişaf edən kənd təsərrüfatı sahəsi ilə Tacikistanın əlaqələrini daha da inkişaf etdirmək, Tacikistandan gələn nümayəndələri buradakı inkişafla, burada olan təcrübə ilə tanış etmək, Azərbaycanda istehsal olunan məhsulları Tacikistana ixrac etməkdən ibarətdir. Kənd təsərrüfatının bütün sahələrində Tacikistanla Azərbaycan arasında müəssisələrin yaradılması məsələləri nəzərdən keçirilir. Xüsusilə də bağçılıq sahəsi, heyvadarlıq sahəsi və digər sahələrdə. Bilirsiniz ki, Azərbaycanda  bu sahələrdə ciddi irəliləyişlər var”.

 

Muxamedjan Muxamedjanov (Tacikistanın Suğd vilayəti Ticarət Palatasının rəhbəri): 

- Ümid edirik ki, biznes sahəsində əməkdaşlar tapacağıq, Azərbaycan tərəfi təkliflərimizlə tanış olaraq əməkdaşlıq edəcək. Bizim Kurcan şəhəri Gəncə ilə qardaşlaşmış şəhərdir. Belə bir təklifimiz var ki, şəhərlərimizdəki ali məktəblər arasında əlaqə qurulsun. Həmçinin yüngül və qida sənayesi sahəsində əməkdaşlıq quracağımıza inanırıq.

Aztv.az