Bu gündən Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə Azərbaycana giriş-çıxış edə biləcəklər.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu və uçuşdan əvvəl 72 saat ərzində verilən PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə uçuşdan əvvəl 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb edilir. Quru yolu ilə ölkəyə giriş-çıxışa məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti qalma müddəti 60 gün uzadılmış əcnəbilərin ölkəni tərk etməsi tələb edilmir.
Bundan başqa, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa da ləğv edilib.
Bu, Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb. Bu vaxtadək olan qərara əsasən, əl yükünün daşınmasına icazə verilmirdi.
Digər dəyişiklik isə aerovağzal kompleksinin girişindəki postlarla bağlıdır. Bu vaxta qədər aerovağzal kompleksinin girişində sərnişinlərin pasportu, bileti və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışı yoxlayan postlar fəaliyyət göstərirdi. Bundan sonra isə aerovağzal kompleksinin girişində yalnız sərnişinlərin pasport və biletlərini yoxlayan işçilərdən ibarət postlar olacaq.