Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirərək “Türk-Azərbaycan təcavüzü” ifadəsi işlətməsinə münasibət bildirib.
Bəyan edilir ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan Xarici İşlər Nazirliyinin həddi deyil: “Hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi. Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”.